[:az]Zaur Hacıbabayev: “Azərbaycan bayrağını gördükdə göz yaşlarımı saxlaya bilmədim”[:]
[:az]MMA üzdə dünya kubokunun qalibi, Avropa, Asiya və dünya çempionu Zaur Hacıbabayev Bakıda keçirilən Avropa çempionatından sonra sportpress.az saytına müsahibə verib.
– Asiya, dünya çempionluğundan sonra kolleksiyanda yalnız qitə çempionluğu çatışmırdı. Bakıda qızıl medal qazanacağına inanırdınızmı?
– Hər bir idmançı özünə inanır. Sözsüz, inam var idi. Amma bu inamı reallaşdırmaq lazım idi. Finalda Rusiya təmsilçisi ilə görüşəcəyimi təxmin edirdim. Finala çıxanda zaldakı insanların alqışlarını eşidəndə öz-özümə dedim ki, bu gün qalib gəlməyə borcluyam. Geriyə yol yox idi.
-Yəqin, Avropa çempionatının Bakıda keçirilməsi müəyyən mənada sizə kömək oldu…
– Qitə birinciliyinin paytaxtımızda keçirildiyini eşidəndə çox sevindim. Çox sevinirəm ki, məhz Bakıda Avropa çempionu oldum. Doğma azarkeşlərin dəstəyi idmançı üçün böyük amildir. Final görüşünü izləyən arasında MMA-ın əfsanəvi döyüşçüsü Fyodr Yemelyanenko var idi. Sonda qızıl medalı mənə o təqdim etdi. Həmin günü heç vaxt unutmayacam.
– Final görüşün müəyyən mənada azarkeşlərimizi həyəcanlandırdı. Iki hissədən ibarət görüşdə rus rəqibin sona qədər mübarizə apardı.
– Rusiya idmançısıyla görüşüm çox çətin keçdi. Bu əvvəldən gözlənilirdi. Çünki Rusiya komandası Bakıya güclü heyətlə gəlmişdi. 5 qızıl medal qazanmışdılar. İlk raund zamanı rəqib üstünlük qazansa da ona uduzmadım. Güclü zərbələrlə ona həyəcan yaşatdım. İkinci hissə onun üstünlüyü ilə başlasa da, sonda mən ona çoxlu güclü zərbələr endirdim. Hətta bir dəfə küncə salaraq çoxlu zərbə vurdum. Hakimlər qalibin əlavə raund zamanı müəyyən olunacağını bildirdi. Belədə bütün gücümü toplayıb əlavə 5 dəqiqə ərzində də rus idmançıyla mübarizə apardım. Onun yorğunluğu hiss olunurdu. Ona görə ağılla hərəkət edərək daha çox zərbə vurmağa çalışdım.
– Çempion olandan sonra bir qədər təsirləndiniz. Yəqin ki, Avropa çempionluğunu çox arzulayırdınız?
-İnsan əziyyət çəkəndən sonra onun bəhrəsini görəndə çox sevinir. Biz komanda olaraq bu yarış üçün çox hazırlaşırdıq. Çempionluqdan sonra bayrağımızı mənə verəndə çox təsirləndim. Göz yaşlarımı güclə saxladım. Azarkeşlərdən gizlətməyə çalışdım. Mənə hər zaman dəstək olan məşqçilərə, xüsusilə Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse- prezidenti Rövşən Həsənova təşəkkür etmək istərdim. Çətin anlarımızda o hər bir idmançımızın yanında olub.
– Azərbaycan idmançılarının 4 medal qazanması yaxşı nəticədir. Bu mənada komandanın çıxışını necə qiymətləndirirsiniz?
– Azərbaycan komandası Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı. Taleh Nəcəfzadə gümüş medala layiq görüldü. Finalda onun zədəli olması sona qədər mübarizə aparmasına imkan vermədi. Bununla belə yarışın yüksək səviyyədə keçirilməsi müsbət haldır. Qonaqlar çempionatdan razı qaldı. Dünya Kubokundan sonra Avropa çempionatının Bakıda təşkili MMA-a olan marağı daha da artıracaq.
– Artıq MMA-da bütün titullara sahib olmusunuz. Növbəti hədəfiniz nə olacaq?
– Hazırda istirahətdəyəm. Bir müddət sonra bu barədə fikirləşəcəyik. Gələcəkdə peşəkar rinqdə özümü sınamaq istərdim. Fyodr Yemelyanenkoyla turnirdən sonra söhbətləşmək imkanımız oldu. O, özü də qeyd etdi ki, mənim çıxışımı bəyənib. Yemelyanenko söylədi ki, üzərimdə daha çox işləməliyəm. Belə davam etsəm özümü peşəkarların yarışında da sübut edə bilərəm. Belə sözləri Yemelyenankodan eşitmək mənim üçün çox xoş oldu.[:]