Yeni çempionlar məlum oldu
11 dekabr 2016   /  Xəbərlər

Sumqayıtda Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan MMA üzrə Açıq Azərbaycan çempionatı keçirilib. 23 klubdan 100-dən çox idmançının iştirak etdiyi turnirin təntənəli açılış mərasimində ilk olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edib.

Sumqayıt İH-nin başçısı ölkədə idmana və idmançılara göstərilən diqqət, qayğıdan danışıb: “Azərbaycan prezidenti İlham Əliyev hər zaman idmançıları diqqət mərkəzində saxlayıb. Dövlət başçısı bütün idman növlərinə qayğı göstərir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Sumqayıt şəhəri də idmanın inkişafına öz töhfəsini verib.  Fəxrlə söyləyə bilərəm ki, Sumqayıt idmançıları daim ölkəmizin idman şərəfini layiqincə qoruyub. Azərbaycan çempionu Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilib. Bu gün kompleksə toplaşan idmançılar, məşqçilər Ümumilli Liderin xatirəsini yad edir.

Belə mötəbər yarışı Sumqayıtda təşkil etdikləri üçün Azərbaycan MMA Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bütün idmançılara sağlam rəqabət arzulayıram”.

Sonra Azərbaycan MMA Federasiyasının prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov çıxış edib. Federasiya rəhbəri MMA-ın bütün regionlarda inkişaf etdiyini, ölkədə bu idman növünə böyük marağın olduğunu bildirib. Rövşən Həsənov iyunda Bakıda M-1 Challenge 67 turnirinin təşkil olunduğunu və yarışın 120-dən çox ölkədə nümayiş etdirildiyini vurğulayıb.

Ardınca Azərbaycan MMA Federasiyasının vitse-prezidenti, dünya çempionu Etiqad Atakişiyev yarış iştirakçılarını salamlayıb. Federasiya rəsmisi yaradılan şəraitə görə Sumqayıt İcra Hakimiyyətinə təşəkkür edib: “MMA üzrə Azərbaycan çempionatına Sumqayıtda olan böyük maraq bizi sevindirməyə bilməz. Gözəl təşkil olunan yarışda boş yer tapmaq demək olar ki, mümkün deyil. Bir-birindən maraqlı final görüşləri izləyəcəyik. Çempionatı yüksək səviyyədə keçirilməsində federasiyaya göstərdiyi dəstəyə görə Sumqayıt İcra Hakimiyyətinə, şəxsən cənab Zakir Fərəcova çox sağ ol deyirik. Yarış iştirkçılarına uğurlar arzulayırıq”.

Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra final görüşlərinə start verilib.

Bütün görüşlərdə qələbə qazanan Emin Hüseynov (57 kq), Novruz Novruzov (61 kq), Oruc Zamanov (66 kq), Marat Səfərov (70 kq), Gündüz Nəbiyev (77 kq), Səbuhi Həsənov (84 kq) və Saləddin Məmmədov (93 kq) Azərbaycan çempionu tituluna sahib çıxıb.

 

 

 

Comments are closed.