Rövşən Həsənov: “Gələcəkdə MMA üzrə Azərbaycanda daha böyük yarışlar keçiriləcək”
11 aprel 2016   /  Müsahibə, Xəbərlər

Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov Bakıda keçirilən Avropa çempionatının nəticələrindən razı qaldığını bildirib. Sportpress.az saytına verdiyi açıqlamada o, deyib: “Qitə birinciliyi MMA üzrə ölkəmizdə keçirilən ən böyük yarış oldu. Biz WMMAA-nın etimadını doğrultmağa çalışdıq. Ümumdünya Qarışıq Döyüş növləri Assosiasiyasının prezidenti Vadim Finkelşteyn, MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko təşkilatçılığı yüksək qiymətləndirdi. Bizə bu yarışı keçirməkdə dəstək olan Gənclər və idman naziri Azad Rəhimova təşəkkür etmək istərdim. 4 medal qazanmaqla millimiz komanda hesabında ikinci yeri tutdu”.

İdmançılarımızın çıxışına gəlincə Rövşən Həsənov Avropa çempionu Zaur Hacıbabayevin qələbəsini xüsusi qeyd edib: “Zaur bu il dünya çempionu olub. Asiya birinciliyinin qalibidir, Dünya Kubokunun sahibi olub. Kolleksiyasında yalnız qitə çempionluğu yox idi. Həmin titulu da Bakıda qazandı. Eyni zamanda Taleh Nəcəfzadə fədakarlıq nümayiş etdirdi. Yarımfinalda zədələnsə də finalda sona qədər yarışdı. Halbuki zədə olmasaydı Nəcəfzadə qızıl medal qazana bilərdi”.

Rövşən Həsənovun sözlərinə görə, MMA üzrə dəfələrlə dünya və Avropa çempionu olan Fyodr Yemelyanenko Bakıya səfərindən məmnunluqla ayrılıb: “Fyodr Yemelyanenko MMA-ın əfsanəsidir. Onun çox sıx iş qrafiki var. Hər bir yarışda iştirak etmək imkanı olmur. Bununla belə dəvətimizi qəbul edərək ölkəmizə gəldi. 2 gün bizimlə birgə yarışları izlədi. Qonaq Bakının gözəlliyinə valeh olub. Biz onunla birgə Dövlət Bayraq Meydanında, İçəri Şəhərdə olduq. Yemelyanenko Bakının Avropanın gözəl şəhərləri sırasında olduğunu dedik. Şəhərimizə görə çox sevindik. Avropa çempionatı zamanı qonağımıza azarkeşlər və media tərəfindən böyük diqqət göstərildi. Ona görə Fyodrun gələcəkdə də ölkəmizə səfərləri olacaq. Onunla birgə yeni idman layihələrini həyata keçirəcəyik”

Comments are closed.