Etiqad Atakişiyev: “Millidə bütün idmançılara etimadım yüksəkdir”
15 noyabr 2018   /  Xəbərlər

MMA üzrə Azərbaycan milli komandası Bəhreyndə təşkil edilən dünya çempionatında mübarizəyə başlayıb. Yığmanın baş məşqçisi, mma üzrə dünya və Avropa çempionu Etiqad Atakişiyev mixfight.az saytına açıqlamasında idmançılara inandığını bildirib: “Dünya çempionatı ilin ən böyük yarışı hesab edilir. MMA üzrə ən güclülər bu yarışda medallar uğrunda yarışır. Sevindirici haldır ki, IMMAF və WMMAA-nın birgə keçirdiyi ilk yarışda bizim döyüşçülər də iştirak edir.

Komandamızda olan bütün idmançılara etimadım yüksəkdir. Hər biri yaxşı hazırlıq keçib. Milliyə cəlb olunan hər bir idmançı medal qazanmağa iddialıdır. Sadəcə bu dünya çempionatıdır. Əvvəlcədən proqnoz vermək peşəkarlığa uyğun deyil. Azərbaycanın idman şərəfini layiqincə qorumaq üçün sona qədər mübarizə aparacağımıza əmin ola bilərsiniz. İnanıram ki, Bakıda əliboş qayıtmayacayıq”.

Dünya çempionatı noyabrın 18-də başa çatacaq.

Xatırladaq ki, Etiqad Atakişiyev həmçinin Azərbaycan MMA Federasiyasında vitse-prezident vəzifəsində çalışır.

Comments are closed.