Dünya çempionu: “Hər şey rinqdə həll olunacaq”
06 iyun 2016   /  Müsahibə

Mixfight.az Azərbaycanda MMA üzrə ilk dünya çempionu Etiqad Atakişiyevin müsahibəsini təqdim edir. 

– Etiqad, sabah “M-1 Challenge 67” yarışında döyüşəcəkdən. Uzun fasilədən sonra yenidən peşəkar rinqə qayıdırsan. Özünü hazır hiss edirsən?

– Doğrudur, fasilənin təsiri özünü göstərməlidir. Dünya çempionu olandan sonra 3 ildir yarışlardan uzaqlaşmışdım. Ancaq bu, idmandan uzaqlaşmaq demək deyil. Fərdi məşqlər edirdim. İki ay öncə bu yarışa dəvət aldım. Məşqlərimi daha artırdım. Döyüşə hazıram. Özümü yaxşı hiss edirəm. Fasiləyə baxmayaraq, həm fiziki, həm də taktiki cəhətdən əvvəlkindən də artıq hazırlıqlıyam.

– Rəqibin ispaniya təmsilçisi Adrian Peres olacaq. Onun döyüşlərini təhlil etmisən?

– Əslində, mən rəqibin döyüşlərinə baxmağı xoşlamıram. Sadəcə bir döyüşünüə  nəzər salıb, kimliyi ilə tanış oluram. Çünki  mən öz hazırlığımı lazımınca keçirəm. Fiziki, taktiki, əl-ayaq zərbələri, parter və digər çalışmalara mükəmməl şəkildə hazırlaşıram.

– Sabahkı döyüşlərdə Azərbaycan idmançılarının şanslarını necə dəyərlərindirirsən?

– “M-1 Challenge”də zəif döyüşçü yoxdur. Burada heç kim öz arzusu ilə rəqib seçmir. Uyğun rəqiblər təşkilatçılar tərəfindən seçilir. Azərbaycan idmançılarının böyük potensialı var. Sabah məndən başqa iki idmançımız döyüşəcək – Taleh Nəcəfov və Zaur Hacıbabayev. Hər ikisi qəbələ qazanmaq əzimdədirlər. Onlara uğurlar arzu edirəm. Doğma ölkəmizdə xalqımızın dəstəyi ilə qələbə qazanacağımıza inanıram. Hər şey rinqdə bəlli olacaq.

– Artıq yenidən ardıcıl olaraq döyüşlərə qatılacaqsan?

– Federasiya rəhbərliyinin dəvəti və dəstəyi ilə yenidən tez-tez peşəkar rinqdə döyüşlərə çıxmağı düşünürəm. Azərbaycan MMA Federasiyası artıq rəsmi qeydiyyatdan keçib. Federasiyanın bayrağı altında yenidən beynəlxalq səviyyədə uğurlar qazanmağa çalışacağam. Hazırda 33  yaşım var. 15 ildir peşəkar rinqdə döyüşürəm. 28 yaşımda dünya, daha sonra Avropa 2-cisi, 30 yaşımda dünya çempionu olmuşam. 3 illik fasilədən sonra yaxşı hazırlıq keçib, yenidən uğurlarımı davam etdirəcəm. Peşəkar döyüş üçün yaşımın ən gözəl vaxtlarıdır.

– Qarşıda hansı yarışlarda iştirak etməyi düşünürsən?

– “M-1 Challenge” hər ay yarışlar keçirir. Əgər zədə olmasa, ən azı 2 aydan bir yarışlara qatılaram. Bundan əlavə, Çində 2016-cı il dünya çempionatı keçiriləcək. O yarışda da iştirak etməyi planlaşdırıram.

SİA

Comments are closed.