Azərbaycan idmançıları UFC-də iştirak edəcək
27 yanvar 2019   /  Xəbərlər

Azərbaycan MMA Federasiyası 2019-cu ildə keçiriləcək yarışlarla bağlı mətbuat konfransı keçirib. Federasiya rəsmiləri cari ildəki dünya çempionatına daha ciddi hazırlaşacaqlarını bildirib.

Qarışıq döyüş növləri üzrə milli komandanın heyəti ölkə çempionatının nəticələrinə əsasən müəyyənləşəcək. Tədbirə bu sözlərlə başlayan Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov görüləcək işlərlə bağlı məlumat verib.

MMA üzrə iki beynəlxalq təşkilat WAMMA və IMMAF 2018-ci ildə əməkdaşlıq müqaviləsi imzalayaraq vahid qurum kimi fəaliyyət göstərəcək. Rövşən Həsənəv beynəlxalq təşkilatın ölkəmizdə yalnız Azərbaycan MMA Federasiyasını tanıdığını söylədi: “UFC IMMAF-ın rəsmi tərəfdaşdır. Azərbaycan MMA Federasiyası olaraq yarışlarda ümidləri doğruldan idmançıların UFC-nin turnirlərində iştirak etməyə kömək edəcəyik. Sadəcə orada döyüşəcək idmançı bütün komponentlərdə hazır olmalıdır. Azərbaycanın adını yüksək səviyyədə təmsil etmək çox önəmlidir”.

Vitse-prezident Heydər Məmmədəliyev martda federasiya kubokunun təşkil olunacağını və yarışın beynəlxalq qaydalarla keçiriləcəyini dedi. Heydər Məmmədəliyev 2019-cu ildə Azərbaycan millisinin Ukrayna və Belarus komandalarıyla qarşılaşacağını da sözlərinə əlavə etdi. Avropa və dünya çempionatlarına gəldikdə federasiya rəhbəri Rövşən Həsənov bu il daha güclü milli komandanın formalaşdırılması üçün təlim-məşq toplanışının olacağını vurğuladı. Ölkə çempionatında finala vəsiqə qazanan idmançılar milli komandanın hazırlığına cəlb olunacaq

Comments are closed.